English French German Spain Italian Dutch Russian Portuguese Japanese Korean Arabic Chinese Simplified

Ən yaxşı innovativ layihənin qalibi

Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbənin uğuru

Azərbaycanın istedadlı gənclərinin xaricı ölkələrdə əldə etdikləri uğurlar hər birimiz üçün sevindirici və qürurvericidir. Dünyanın tanınmış universitetlərində təhsil alan gənclərimizin elm və texnikanın müxtəlif sahələrində innovativ layihələrlə çıxış etmələri və ciddi uğurlar qazanmaları istedadlı tələbələrimizin potensialından xəbər verir. Bütün hallarda gənclərimizin xaricdə digər ölkələrdən olan həmyaşıdları arasında yüksək intellektual səviyyə nümayiş etdirmələri təhsilimizin uğurları hesab oluna bilər. Belə istedadlı gənclərdən biri, hazırda "2007- 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Şeffild Universitetində kompüter elmləri ixtisası üzrə təhsil alan Tərlan Süleymanovdur. Gəlin, onu yaxından tanıyaq.
Tərlan Süleymanov 1993-cü il avqustun 1-də Göyçay şəhərində anadan olub. İlk təhsilinə Göyçay şəhər 3 nömrəli tam orta məktəbdə başlayıb. VII sinfə qədər rus bölməsində təhsil alıb, daha sonra 2005-ci ildə imtahan verərək yüksək balla Ağdaş Özəl Türk Liseyinə qəbul olunub. XI sinfi Bakı Özəl Türk Liseyində bitirib. Ağdaş Liseyindən məzun olduqdan sonra 2010-cu ildə ali məktəblərə qəbul imtahanında 690 bal toplayaraq Qafqaz Universitetinin ingilisdilli kompüter mühəndisliyi fakültəsinə qəbul olunub. Göstərdiyi nəticəyə görə dövlət başçısı İlham Əliyevin 8 sentyabr 2010-cu il tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb. Qafqaz Universitetinin I kursunu əla qiymətlərlə bitirdikdən sonra Böyük Britaniyanın Şeffild Universitetinin kompüter elmləri fakültəsinə qəbul olunub.

Dünya miqyaslı alim olmağı arzulayır

İngilis, rus, türk dillərini mükəmməl bilən Tərlan Qafqaz Universitetində oxuduğu dövrdə kompüter mühəndisliyi fakültəsi üzrə 1-ci yerə layiq görülüb. Proqramlaşdırma və robot texnikasına daha çox maraq göstərən Tərlan bu sahədə dünya miqyaslı alim olmağı qarşısına məqsəd qoyub. Buna görə də yüksək səviyyəli tədris və tədqiqatları ilə dünyanın aparıcı universitetləri arasında özünəməxsus yeri olan Şeffild Universitetini seçib.
- Öz arzuma nail olmaq üçün mən Şeffild Universitetini seçdim. Bu təhsil ocağı mənə maraq göstərdiyim elm sahələri üzrə geniş nəzəri və praktik biliklər verir. Bütün bunlar real şəraitdə müxtəlif kompaniyalarla iş qurmağıma imkan yaradır. Mənim qardaşım da Şeffild Universitetində kimya maşınqayırması üzrə təhsil alır. Təhsil aldığım universitetdə nəzəri biliklərimizi praktikada sınaqdan keçirmək üçün bir neçə kompüter və mühəndislik laboratoriyamız var. Robotlarla iş isə bizim üçün ən xoş məşğuliyyət sahəsidir. Robotların müxtəlif tapşırıqları yerinə yetirməsini, necə hərəkət etməsini müşahidə etmək doğrudan da çox maraqlıdır. Ayrı-ayrı müəllimlər öz modullarına uyğun olan müxtəlif tədris metodlarına malikdirlər. Universitetdə həyatın müxtəlif aspektlərinə həsr olunmuş mühazirələr, laboratoriya məşğələləri, dərs vəsaitləri var. Bundan əlavə, xüsusi iş vaxtları var ki, biz tələbələr bu və ya digər məsələlərlə bağlı müəllimlərimizə müraciət edə və onlardan kömək ala bilərik. Burada oxuduğum müddət ərzində təhsil mənə çox şeylər verdi. Birincisi, mən əcnəbi tələbə kimi ingilis dilini akademik səviyyədə mənimsədim. Bundan əlavə, kompüter elmini daha dərindən öyrəndim, proqramlaşdırma, robot texnikası, süni intellekt və digər sahələrdə öz biliklərimi genişləndirdim. Universitetdə keçirilən müxtəlif işçi toplantılar, seminarlar və digər tədbirlər mənə öz biliklərimi zənginləşdirməyə imkan verir.

Yenilikçi tələbə

Qeyd etdiyimiz kimi, Şeffild Universiteti təkcə Böyük Britaniyada deyil, bütün dünyada kompüter mühəndisliyi, texnologiyalar, robot texnikası sahəsində yeni ideyaların gündəmə gəldiyi və həllini tapdığı bir ali təhsil müəssisəsidir. 2014-cü ildə universitetin ən yaxşı innovativ layihəsinin qalibi Tərlan Süleymanov seçilib. Şeffilddə təhsilinin 3-cü ilində fərdi dissertasiya proyektinə görə "The Floow" şirkəti tərəfindən "Ən innovativ layihə" (The Most Innovative Project) mükafatına layiq görülüb. İngilis dilində "Animating 'Zeno' the RoboKind Humanoid Robot: Navigationin a Mobile Environment" (qısaca Səyyar Mühitdə Naviqasiya) adlandırılan layihənin ideyası Tərlana məxsusdur. Şeffild Universitetinin professoru Roger Moorenun rəhbərliyi ilə həyata keçirilən layihədə "Zeno R50 RoboKind" robotundan istifadə edilib. Layihənin əsas məqsədi tamamilə öz-özünə (fully autonomous) hərəkət edən sistemlərin əsas problemlərindən biri olan naviqasiya problemini həll etmək olub. Tədqiqat işi həmçinin robotlar və süni intellekt sahələri üzrə bir neçə əhəmiyyətli mövzunu əhatə edib.
Universitet tərəfindən verilmiş təqdimatda Tərlan Süleymanovun işlərinə yüksək qiymət verilib. Təqdimatda qeyd olunub: "Biz mükafatı təkcə öz innovasiyalarımıza görə yox, həm də yeni istedad və ideyalara veririk. Şeffild Universitetinin "Ən yaxşı innovasiya layihəsi" üzrə mükafat informatika fakültəsinin tələbəsi Tərlan Süleymanova təqdim olunur. Biz Tərlana kiçik bir robot verərək onun süni intellektini tədqiq etməyi təklif etdik. Lakin o tipik həll variantını seçmək əvəzinə, daha çətin həll variantına üstünlük verərək robotun xarici müdaxilə olmadan nəqliyyat vasitəsi ilə müstəqil idarə olunması imkanlarını araşdırmağa qərar verib", -deyə təqdimatda qeyd olunub. Tərlanın hazırladığı metodika robota dolayısı ilə nəqliyyat vasitələrinin məhdud məkan daxilində hərəkətini idarə etməyə imkan verir. "Kompüter həlli və süni intellektə əsaslanan bu tədqiqat işi ən çətin problem və innovasiyadır. Buna görə də biz düşündük ki, Tərlanın işi "Ən yaxşı innovativ layihə" olmağa layiqdir. Və beləliklə də biz Tərlanı təbrik edirik. Biz sizin işinizdən böyük təəssüratla ayrılırıq, Tərlan! Sizin innovasiya və istedadınızın gələcəkdə də özünü göstərəcəyi günü gözləyirik",- deyə Şeffild Universitetindən verilən açıqlamada bildirilir.
Tərlan Süleymanov layihəni bitirdikdən sonra robotlar sahəsi üzrə daha geniş biliklərə sahib olmaq üçün Şeffild Universitetinin Robotlar Mərkəzində (Sheffield Centr for Robotics) yay təcrübəsi keçib. Təcrübə müddətində yeni robotların quraşdırılması, bacarıq və məhdudiyyətlərinin müəyyən edilməsi, istifadə qaydalarının hazırlanması və demo proyektlərin həyata keçirilməsi ilə məşğul olub. Əlavə olaraq Zeno R50, Zeno R25 və NAO insanvari robotları Şeffild şəhərində keçirilən "Beyin Festivalı" (Festival of the Mind) çərçivəsində "Robotların yeni erası: interaktiv sərgi" üçün (The New Age of Robotics: Interactive Exhibition) ümayişə hazırlayıb. Seffild Universitetində keçirilən seminarlarda ("Skills forSuccess Programme") iştirakına və "Engineering: YouTre Hired" həftəsi ərzində ən yaxsı layihəyə görə ali məktəb tərəfindən təltif olunub.

Azərbaycan dili müəllimi

Tərlan Süleymanov Böyük Britaniyada təhsil aldığı dövrdə Azərbaycan həqiqətlərini, dəyərlərini və adət-ənənələrini əcnəbilərə çatdırmaq üçün bir sıra fəaliyyətlərlə məşğul olub. O, Seffild Universiteti nəzdində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və lobbiçilik fəaliyyətləri üçün təsis edilmiş Azərbaycan Cəmiyyətinin vitse-prezidenti və eyni zamanda İKT meneceridir. Cəmiyyət tərəfindən hər il təşkil olunan "Novruz festivalı", "Dünya həftəsi", "Dil festivalı" və s. tədbirlərdə fəal iştirak edib. Tərlan Süleymanov hər il Şeffild Universitetində keçirilən "Xocalıya ədalət!" kampaniyasının əsas təşkilatçılarındandır. O, 2014-cü ildə universitetdə keçirilmış " Xocalıya ədalət!" kampaniyasına həsr olunmuş videoçarx yaradıb.
- Hər il olduğu kimi, bu il də Şeffild Tələbələr Birliyinin (Sheffield Students' Union) təşəbbüsü ilə Dünya Həftəsi (World Week) təşkil olunur və bir həftə ərzində müxtəlif tədbirlər həyata keçirilir. Biz Şeffild Azərbaycan Cəmiyyəti olaraq bu tədbirlər çərçivəsində Beynəlxalq Dil Festivalında və milli sərgidə fəal iştirak edirik. Noyabrın 14-də paradın keçirilməsi ilə həftəyə start verildi. Müxtəlif ölkələrdən olan tələbələr öz bayraqları ilə 2 saat ərzində universitetdən şəhər mərkəzinə doğru yürüş həyata keçirərək tələbələrin birlik və bərabərliyini nümayiş etdirdilər. Noyabrın 16-da Beynəlxalq Dil Festivalı keçirildi. Mən festivalda Azərbaycan dili müəllimi olaraq iştirak etdim. Festivalda xarici tələbələrə və yerli əhaliyə Azərbaycan dili dərsləri keçdim. Bizə ayrılan vaxt ərzində yerli və əcnəbi tələbələrə Azərbaycan dili haqqında məlumat verməklə bərabər, eyni zamanda Azərbaycan haqqında maraqlı faktlar, Azərbaycanın zəngin mədəniyyəti və tarixinə aid məlumatlar, iqtisadi, siyasi, elmi, idman və digər sahələrdə əldə olunan nailiyyətlər və ölkəmizdə baş tutacaq Avropa oyunları və Avropa çempionatı barədə məlumat çatdırdıq. Noyabrın 19-da isə milli sərgi təşkil olundu. Sərgidə Azərbaycana aid suvenirlər, milli geyimlər və rəsmlər nümayiş olundu.
Şeffild Universitetini bitirdikdən sonra Azərbaycanda elmi fəaliyyətlə məşğul olmaq istəyirəm. Bunun üçün də ilk öncə nüfuzlu universitetlərin birində doktorantura təhsili almaq arzusundayam. Gələcəkdə arzum öz sahəmdə ekspert olmaq və elmə yeni ideyalar gətirməklə bəşəriyyətə xidmət etməkdir.
Biz də ölkəmizin təhsil ənənələrini, mədəniyyətimizi uzaq Britaniyada layiqincə təmsil edən Tərlana qarşısına qoyduğu hədəflərə çatmaqda uğurlar arzulayırıq.

"Azərbaycan müəllimi" qəzeti

Hiç yorum yok:

Yorum Gönder