English French German Spain Italian Dutch Russian Portuguese Japanese Korean Arabic Chinese Simplified

"Nə? Harada? Nə zaman?" oyunu üzrə Azərbaycan çempionatı (FOTO 8)

Təhsil Nazirliyinin təşkilatçılğı ilə "Baku Crystal Hall"da məktəblilər arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə Azərbaycan çempionatı keçirilib.

Dörd gün davam edən və AzTV kanalı ilə yayımlanan çempionatda bu ilin aprelində məktəblilər arasında təşkil olunmuş "Nə? Harada? Nə zaman?" oyunu üzrə regional məktəb çempionatının qalibləri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan İntellektual Klublar Assosiasiyası ilə birlikdə bu ilin aprel-may aylarında keçirilən "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə regional məktəb çempionatında 11 komanda qalib adına layiq görülüb. Bunlar Bakı, Gəncə, Sumqayıt, Naftalan şəhərlərinin, Qobustan, Kürdəmir, Lənkəran, Şəmkir, Zaqatala, Cəbrayıl və Quba rayonlarının komandalarıdır. Həmin komandalarla birgə Bakıdakı Fizika, riyaziyyat və informatika təmayüllü liseyin, akademik Zərifə Əliyeva adına liseyin və Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin komandaları da final mərhələsində respublika qalibi adını qazanmaq üğrunda mübarizə aparıblar.

Çempionatın noyabrın 10-da keçirilən ilk turunda püşkə əsasən oyuna Lənkəran və Şəmkir komandaları çıxıblar. Verilən sualların çoxunu düzgün cavablandıran Lənkəran məktəbliləri ilk görüşün qalibi olub və özlərinə rəqib seçmək hüququ qazanıblar. Bütün rəqibləri üstələyən Lənkəran komandası finalda oynamaq hüququ qazanıb.

Növbəti tur Sumqayıt və Naftalan komandalarının oyunu ilə başlayıb. Bu görüşdə Naftalan məktəbliləri 4:0 hesabı ilə qalib gəliblər. Onlar ikinci mərhələdə Maştağa (Bakı) komandası ilə yarışmalı olublar. Maştağa məktəbliləri Naftalanın, akademik Zərifə Əliyeva adına liseyin və Gəncənin komandalarını məğlub ediblər. Ancaq Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri Maştağa məktəblilərinə 3:0 hesabı ilə qalib gəliblər. Bakı Türk Liseyinin komandası Fizika, riyaziyyat və informatika təmayüllü liseyin komandasına da qalib gələrək finalda oynamaq imkanı qazanıblar.

"Nə? Harada? Nə zaman?" intellektual oyununun üçüncü turunda Kürdəmir komandası rəqiblərini üstələyib. Turun son oyununda isə Maştağa komandası kürdəmirli məktəbliləri 3:0 hesabı ilə udaraq breyn-rinqin finalına vəsiqə əldə edib.

"Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə Azərbaycan çempionatının son turunda dördüncü finalçını müəyyənləşdirmək üçün şans oyunu keçirilib. Oyunun nəticəsinə əsasən, Kürdəmir komandası finalçılar sırasına çıxıb. İki seçim və iki final görüşündən ibarət olan oyunda Kürdəmir, Lənkəran, Maştağa və Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin komandaları mübarizə aparıblar. Finalda Bakı Türk Liseyinin komandası qələbə qazanıb.

Qalib komandanın üzvlərinə kubok və medallar, eləcə də Təhsil Nazirliyinin hədiyyələri təqdim olunub.









Hiç yorum yok:

Yorum Gönder